“Yumşaq Güc” dedikdə nə başa düşürük?| Onun ən parlaq nümunələrindən biri SSRİ-nin dağılmasıdır

2023/04/1682150517.jpg
Oxunub: 11077     15:12     22 Aprel 2023    
Müasir dünya siyasətinin humanistləşməsi fonunda “yumşaq güc”ün tətbiq imkanları xeyli artıb. Məhz bunun nəticəsidir ki, “yumşaq güc” artıq əksər dövlətlərin konseptual sənədlərində öz normativ – hüquqi təsbitini tapıb. Bu, ona dəlalət edir ki, “sərt güc” (hərbi alətlər) xarici siyasət məqsədlərini yalnız ekstremal və digər (qeyri-hərbi) vasitələrin təsir gücünün tükəndiyi hallarda təmin etmək iqtidarındadır. Bundan əlavə, hərbi gücün tətbiqi və ya istifadəsi təhlükəsi kimi xarakterizə edilən “sərt güc” yalnız qısa müddətdə tətbiq olunur ki, bu da XXI əsrdə artıq dövlətlərarası əlaqə norması kimi qəbul edilmir. Uzunmüddətli qarşılıqlı faydalı beynəlxalq tərəfdaşlıq üçün digər mexanizmlərə, o cümlədən ciddi nəticələr doğurmağa qadir xarici təsir resurslarını aktivləşdirməyə imkan verən “yumşaq güc” siyasətinə ehtiyac duyulur. “Yumşaq güc” alətlərindən səmərəli istifadə nəticəsində “sərt güc” alətlərindən istifadə etmədən beynəlxalq aləmdə hörmət və qarşılıqlı anlaşma əldə etmək mümkündür. Məqalədə tarixi və müqayisəli təhlil metodundan geniş istifadə edilib.

Beynəlxalq münasibətlər nəzəriyyəsi və praktikasında “güc” hər zaman vacib kateqoriyalardan biri olub. Qədim zamanlardan tutmuş bu günədək “güc” kateqoriyası ətrafında tədqiqatlar davam etdirilir. Bunun əsas səbəbi gücün beynəlxalq aktorların təsir mexanizmləri arasında ən geniş və həlledici vasitə olmasıdır. Dövlətin mövcudluğu, milli maraqlarının qorunması, əhalisinin təhlükəsizliyi, yalnız güc vasitəsilə təmin edilib. Məhz bu səbəbdən H.Morgentau “güc anlayışını siyasət elminin ən mürəkkəb və ziddiyyətli problemlərdən biri” hesab edib.

Uzun müddət güc kateqoriyası dövlətin hərbi resursları ilə assosiasiya edilib. Lakin soyuq müharibənin iflası, informasiya texnologiyalarının inkişafı dövlətin arsenalında qeyri-güc amillərinin rolunu artırdı. Elə bu səbəbdən müasir dünyada istifadə olunan xarici siyasət alətlərinin çeşidi xeyli genişlənib. Güc vasitəsilə təsiretmənin ənənəvi modelləri daha çevik strategiyalarla əvəz olunur, istənilən nəticə məcburiyyət yolu ilə deyil, əks-tərəfin razılığı əsasında qəbul edilir. “Yumşaq güc” konsepsiyası son iki onillikdə beynəlxalq siyasi diskursda və beynəlxalq aləmdə güc və nüfuz uğrunda mübarizə praktikasında ən populyar nəzəriyyəyə çevrilib.

Beynəlxalq münasibətlər sisteminə mümkün təsirlərinin spektri “sərt güc” və “yumşaq güc” arasında təsnif edilir. “Sərt güc” dedikdə, xarici siyasət maraqlarını hərbi və iqtisadi güc hesabına təmin edilməsi başa düşülür. “Yumşaq güc” isə fərqli təsir formalarını: ideoloji – siyasi dəyərlərin təbliği; informasiya – ən effektiv şəkildə mediaya nəzarət; mədəni – təhsil, sənət, moda, idman və s. kimi sahələrə yayılan təsir və nüfuzu nəzərdə tutur.

“Yumşaq güc” vasitələrinin əksəriyyətinin rolu və əhəmiyyəti elmə məlumdur. Belə ki, XVII – XVIII əsrlərdə Avropanın ən nüfuzlu ölkəsi olmuş Fransa buna hərbi qüvvə ilə deyil, fransız mədəniyyəti və dilinin cəlbediciliyi, geyim tərzlərinin təbliği və s. ilə nail olub. Lakin XX əsrin ortalarına qədər beynəlxalq münasibətlərdə qeyri-hərbi təsir vasitələrindən istifadənin miqyası məhdud olmasa da, kifayət qədər məqsədyönlü olmayıb.

“Yumşaq güc” termini siyasi dövriyyəyə nisbətən yaxın vaxtlarda daxil olsa da, ona bənzər konsepsiya qədim Çində məlum idi. Belə ki, döyüşçü və filosof Sun Tzu tərəfindən iki min ildən əvvəl yazılmış “Müharibə məharəti” traktatında belə bir fikrə rast gəlinir: “Yüz döyüşdə yüz qələbə qazanmaq– döyüş məharətinin zirvəsi deyil. Düşməni döyüşmədən məğlub etmək – bax, bu zirvədir”. “Yumşaq güc”ün uğurlu istifadəsinin ən parlaq nümunələrindən biri də SSRİ-nin dağılmasıdır. Bu gün ümumqəbul olunmuş bir tendensiya mövcuddur ki, həm Sovet dövlətinin, həm də bütün sosialist sistemin dağılmasının səbəbi Qərbin hərbi-iqtisadi qələbəsi, hətta SSRİ-nin iqtisadi zəifləməsi deyil, sosializm dəyərlərinin devalvasiyası və cəmiyyət tərəfindən Qərbin, liberal dəyərlərinin: siyasi demokratiya, şəxsi azadlıq, şəxsi mülkiyyət və s. kütləvi şəkildə qəbul edilməsidir.

ABŞ son 70 ildə öz gücünün iki “dinc” amilini yaratmağa müvəffəq olub: beynəlxalq valyuta sistemi üzərində üstünlük və azad ticarət sistemi. Ancaq üçüncü – cəlbedicilik və ya “yumşaq güc” – “soft power” xüsusi bir rol oynamaqdadır. “Soft power” və ya “ağıllı güc” – “yumşaq güc” (başqa tərcümə variantları da var) artıq bir neçə ildir ki, elmi və siyasi – diplomatik dairələrin gündəliyində yer tutub. Eyni zamanda, Avropa Birliyi terminin “cəmlənmiş, əlaqələndirilmiş güc”, Çin isə – “müdrik güc”(Çin diplomatiyasının mahiyyətinin, onun strateji mədəniyyətinin Konfutsi köklərini əks etdirir) tərcüməsinə üstünlük verir.

“Yumşaq güc”ün ümumi xüsusiyyətlərinə baxmayaraq, beynəlxalq sistemdə onların milli modelləri özünəməxsus cəhətləri ilə fərqlənir. ABŞ-ın “dominant güc”ü, Çinin “müdrik güc”ü, Avropanın “cazibədar güc”ü, Şərqin “mistik güc” haqqında fikirlər söylənilməkdədir.

Kiçik dövlətlər üçün “yumşaq güc” – məhdud təsir resusrlarının nisbətinin effektivliyi və diplomatik uğurun, həmçinin innovasiyanın sinonimidir.

XXI əsrdə praktiki cəhətdən geniş istifadə edilməsinə baxmayaraq, nəzəri baxımdan elmi dairələr arasında “yumşaq güc” anlayışı, tətbiqetmə imkanları, “sərt gücdən” nə ilə fərqləndiyi haqqında hələ də əsaslandırılmış bir fikir yoxdur. Müasir elmi – nəzəri diskurslarda “yumşaq güc” anlayışı adı altında müxtəlif təriflərə: xarici siyasət resursu; qeyri-maddi resursların istifadəsinə əsaslanan güc növü; dövlətin xarici və daxili amillərinin cəmi; hərəkəti motivasiya edən və hərəkətə təhrik edən təəssürat; ölkələr arasında siyasi və sosial-mədəni qarşılıqlı əlaqə prosesində ortaya çıxan fenomen, “dolayı hərəkətlər strategiyası”nın və hibrid müharibənin elementi və s. rast gəlinir. Bəzi tədqiqatlarda “yumşaq güc” termini “milli (ölkə) brend”, “milli nüfuz”, “milli imic” anlayışlarına sinonim olaraq istifadə edilir. Müxtəlif təriflər, izahlar və oxunuşlar bəzi tədqiqatçıların ümumiyyətlə “yumşaq gücün” sözün əsl mənasında elmi konsepsiya adlandırılma hüququnu inkar etməsinə gətirib çıxardı.

Dövrümüzün aktual xarici siyasət konsepsiyalarından biri olan “Yumşaq güc” ilk olaraq 1990-cı ildə ABŞ-ın Harvard Universitetinin professoru Cozef Nay tərəfindən irəli sürülüb. O qeyd edir ki: “Dövlətlər dünya siyasətində öz məqsədlərinə o zaman çata bilirlər ki, digər ölkələr də onların nail olduğu eyni şeyi istəsin və ya arzuolunan nəticəyə gətirib çıxaran vəziyyətlə razılaşsın”. O, hakimiyyəti istənilən nəticəyə üç yolla – məcburiyyət, satınalma, cəzbetmə və s. nail olmaq bacarığı kimi başa düşürdü. Onlardan ikisi sərt güc anlayışına ekvivalentdir, cəzbetmə isə yumşaq gücün əlamətidir.

Amerikalı müəllifin fikrincə, dövlətin “yumşaq güc” amilini əks etdirən əsas meyarlar – mədəniyyət, siyasi dəyərlər və xarici siyasətdir. Bunlardan əlavə, o, biznes/innovasiya və təhsili “yumşaq güc”ün meyarları cərgəsinə qatır. “Mədəniyyət” – ölkəyə hər il gələn turistlərin sayı, rəsmi dilinin dünyada istifadəsi, UNESCO-nun Dünya İrsinə daxil edilmiş abidələrinin sayı, ölkənin Olimpiya Oyunlarında müvəffəqiyyəti, ölkənin mədəni irsinin dünya mədəniyyətinə təsiri ilə ölçülür. “Siyasi dəyərlər” – siyasi dəyərlərin cəlbediciliyi, dövlətin siyasi qurumlarının fəaliyyətinin səmərəliliyi, milli hökumət modeli: şəffaflıq, demokratiklik və s. ilə xarakterizə edilir. “Diplomatiya” – ölkənin dünya birliyi üçün əlverişli obraz formalaşdıra bilməsi, xarici siyasət və diplomatik resurslar, beynəlxalq təşkilatlara üzv olmaq və xaricdə mədəni missiyaların mövcudluğu və s. kimi dərk edilir. “Təhsil” – ölkədəki xarici tələbələrin sayı, ali təhsilin keyfiyyəti, tələbə mübadilə proqramlarının mövcudluğu, tədris ədəbiyyatının miqdarı və s. amilləri əhatə edir. “Biznes/İnnovasiya” isə – ölkənin iqtisadi modelinin cəlbediciliyi: açıqlıq, innovasiyaya meyillilik, korrupsiya səviyyəsi, iqtisadiyyat sahələrinin rəqabət qabiliyyəti, tənzimlənmə və s. amillərlə əlaqələndirilir.

C.Naydan fərqli olaraq, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dövlət İdarəetmə Fakültəsinin dosenti A.O.Naumova görə, “yumşaq güc” inandırmaq və digər aktyorların rəğbətini cəlb etməklə xarici siyasət arenasında hədəflərə çatmaq qabiliyyətidir. Bu, bir dövlətin digərlərinə KİV, populyar və yüksək mədəniyyət vasitəsilə təsir etməsi, təhsil xidmətlərinin göstərilməsi, əlverişli iqtisadi mühitin yaradılması, cəlbedici humanitar və siyasi idealların yayılması və beynəlxalq münasibətlərin digər subyektlərinin idxal etmək istədiyi öz orijinal dəyərlər sistemi ilə əlaqəli xarici siyasət fəaliyyətinin xüsusi növüdür.

O.G. Leonova “yumşaq güc”ün geniş tərifini verərək onu dövlətin xarici və daxili amillərinin məcmusu kimi dəyərləndirir. Daxili amillər aşağıdakı parametrlərlə təqdim olunur: keyfiyyət və yaşayış səviyyəsi; milli ideya; ideologiya; mentalitet; mədəniyyət (teatr, kino, şou-biznes, incəsənət, ədəbiyyat); innovativ potensial (ideya və texnologiyalar yaratmaq qabiliyyəti). Xarici amillərə aşağıdakılar daxildir: dövlətin xarici siyasəti (beynəlxalq aləmdəki nüfuz); qlobal iyerarxiyada mövqe; sivilizasiya statusu; dövlətin siyasi və iqtisadi modeli; dövlətin inkişaf strategiyası; ölkənin informasiya ehtiyatları.

Öz növbəsində O.G. Leonova “yumşaq güc”ün əsas alətlərinə siyasi piar; informasiya axınları; qlobal marketinq; dünyada dövlətin dilinin populyarlığı; qlobal iyerarxiyada dövlətin mövqeyi; mədəni mübadilə, idman, turizm; xalq diplomatiyası; təhsil sistemi; informasiya müharibələri aparmaq imkanı; mədəniyyətlərarası dialoq, milli diasporlar, miqrasiya siyasətini aid edir:

Yumşaq gücü ölkənin imici kimi təqdim edənlər də çoxdur. Onlar arasında ingilis alimi S.Anxoltun irəli sürdüyü milli brendin altıbucaqlı diaqramı mühüm yer tutur. Ölkənin effektiv imic strategiyasının formalaşması və həyata keçirilməsi üçün məşhur ingilis tərəfindən irəli sürülən həmin yanaşmadan ölkənin milli brendini turizm, ixracat, insanlar, mədəniyyət və irs, daxili sərmayə və immiqrasiya, xarici və daxili siyasət kimi altı dəyişən üzrə qiymətləndirmək üçün istifadə edilə bilər. Ölkənin milli imici “yumşaq güc”ün əsas elementlərindən biri hesab edilir. Öz növbəsində “yumşaq güc”ün bütün resursları ölkənin imicinə, onun beynəlxalq münasibətlər sistemindəki mövqeyinə və nailiyyətlərinə ciddi təsir göstərir. Həmin resurslara daxildir:

- xalq diplomatiyası, xarici mədəniyyət siyasəti, mədəni diplomatiya;
- informasiya siyasəti (sosial şəbəkələrdən və digər innovativ media mənbələrindən istifadə də daxil olmaqla);
- beynəlxalq təhsil siyasəti;
- QHT səviyyəsində şəbəkələrin humanitar qarşılıqlı əlaqəsi (yüksək humanitar texnologiyaların, xüsusən “rəngli inqilablar”ın tətbiqi daxil olmaqla);
- maliyyə və iqtisadi alətlərin istifadəsi (alıcı dövlətin elitasının sədaqəti və “idarə olunması” ölkənin iqtisadi infrastrukturuna çıxış müqabilində iqtisadi yardım);
- xarici investisiyaların cəlb edilməsi və əlverişli investisiya mühitinin yaradılması üçün çalışmaq; kütləvi və istehlakçı mədəniyyət məhsullarının ixracatı (kino, musiqi sənayesi, şou-biznes və s.).


Azərbaycanda “yumşaq güc” problemi siyasi-fəlsəfi çərçivədə tədqiq olunan yeni sahədir. Bu istiqamətdə yeni-yeni elmi tədqiqatların həyata keçirilməsinə başlanıb. Hazırda bu istiqamətdə mövcud olan azsaylı tədqiqatlarda “yumşaq güc” daha çox ölkənin imicini formalaşdıran tarixi və müasir nailiyyətlər və lider ölkələrinin həyat tərzinin, liberal dəyərlərinin yayılması, ölkənin xarici siyasət maraqlarını həyata keçirən humanitar siyasət kimi təqdim edilir. Azərbaycanlı professor N.Məmmədov qeyd edir ki, Qərbdə “yumşaq güc” dedikdə, ilk növbədə dövlətlərin öz geosiyasi təsirini hərbi və iqtisadi gücə görə deyil, mədəniyyətə, siyasi ideologiyaya və proqnozlara görə təmin etməyə çalışması başa düşülür. Əgər “sərt güc” məcburetməyə əsaslanırsa, “yumşaq güc” könüllü iştirakı nəzərdə tutur. Ancaq könüllü iştirakda da son məqsəd lider dövlətin mədəni meyarlarını qəbul etməkdən ibarətdir. Bu mənada söhbət məcburiyyətin növünün dəyişməsindən gedə bilər. Bir sözlə, geoasiyasətdə terminologiya dəyişsə də, təməl ideya və strateji məqsəd dəyişmir.

Azərbaycan “yumşaq güc” konsepsiyası xalqın tarixinin, mədəniyyətinin, tolerantlığının, onun potensialının hərtərəfli nümayiş etdirilməsi yolu ilə milli maraqların təbliği ideyasına əsaslanır, bununla da beynəlxalq arenada dövlətimizə etimadı artırır. Başqa amillərlə yanaşı, ölkənin imicini inkişaf etdirən turizm, mədəniyyət və idman kimi spesifik sahələrin maddi bazasının sürətli inkişafı bu konsepsiyanın tərkib hissəsidir. Azərbaycanda Beynəlxalq Humanitar Forumun, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunun, Davos İqtisadi Forumunun, “Eurovision-2012”mahnı müsabiqəsinin, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə “Formula-1” avtoyürüşlərinin və 2020-ci ildə futbol üzrə Avropa çempionatı matçlarının keçirilməsi – bütün bunlar Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələrində qazandığı böyük nailiyyətlərin beynəlxalq strukturlar tərəfindən etiraf edilməsi və qiymətləndirilməsi deməkdir.

Daha bir həmvətənimiz tədqiqatçı Araz Qurbanovun fikrincə Azərbaycan dövlətinin xarici siyasət kursunda “yumşaq güc” – humanitar siyasət amili diplomatik fəaliyyətin hədəfə çatmasına əlverişli zəmin yaradır, dövlətlər və xalqlar arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələrin qurulmasına, mədəni irsin qarşılıqlı şəkildə tanıdılmasına, mədəni sərvətlərin azad mübadiləsinə, mədəni inteqrasiya və dialoq proseslərinə mane olan təhdid və məhdudiyyətlərin aradan qaldırılmasına xidmət edir.

Qlobal rəqabətin güclənməsi və böhran potensialının toplanması suveren dövlətlərə siyasi təzyiq göstərmək, onların daxili işlərinə müdaxilə etmək, orada sabitsizlik yaratmaq, ictimai rəy və şüuru manipulyasiya etmək “yumşaq güc” və hüquq-müdafiə konsepsiyalarının bəzən dağıdıcı və qanunsuz istifadəsinə səbəb olur. Məhz bununla bağlı olaraq elmi-nəzəri diskurslarda “yumşaq güc”ə neqativ yanaşan, ona müdaxilə vasitəsi, demontaj silahı, informasiya hücumları və rəngli inqilablarla əlaqəli fenomen kimi görənlərdə da az deyil. “Dolayı hərəkətlər strategiyası” termini məşhur ingilis hərbi nəzəriyyəçisi və hərb tarixçi B.Liddell Hart tərəfindən elmi dövriyyəyə daxil edilib. Bu konsepsiya 1941 və 1946-cı illərdə Londonda dərc olunmuş “Dolayı hərəkətlər strategiyası” əsərində formalaşıb. Müəllif “dolayı hərəkət strategiyası”nı beynəlxalq problemlərin həllinin ən təsirli yolu hesab etdiyi silahlı qarşıdurma sahəsinə qədər genişləndirilib. C.Nay isə transformasiyaya məruz qalan ölkənin dövlət sisteminin əsaslarını sarsıtmaq üçün siyasi, diplomatik, iqtisadi, psixoloji və informasiya metodlarının hesabına “dolayı hərəkətlər strategiyası”nın əhatə dairəsini genişləndirməyə müvəffəq oldu.

“Dolayı hərəkət strategiyası” və “yumşaq güc” konsepsiyası hazırda beynəlxalq aləmdə real və potensial düşmən dövlətləri zəiflətmək üçün istifadə olunan geosiyasi mübarizənin ən təsirli vasitəsidir. Bu strategiyalar zəngin tətbiqi tarixinə baxmayaraq, qədim dövrlərdən günümüzə, postmodern dövrdə, postsovet məkanında “rəngli inqilablar” və son onilliklərdə Şimali Afrika və Yaxın Şərqdəki etiraz aksiyaları zamanı yeni məzmun qazanıb. Geosiyasi mübarizəni həyata keçirmək üçün istifadə edilən xüsusi texnologiyalar – “dolayı hərəkət strategiyası” və “yumşaq güc” ölkənin daxili və xarici siyasətinin formalaşdırılması və praktiki həyata keçirilməsi mexanizmi üzərində hərtərəfli və eyni zamanda gizli nəzarətin qurulması əsasında “düşmən” dövlətin, onun siyasi və idarəetmə, sosial-iqtisadi, müdafiə, mədəni, ideoloji və digər əsas sahələri üzərində üstünlüyün əldə edilməsinə yönəldilib. Bu geosiyasi qarşıdurma strategiyasına görə təcavüzkarın hədəf ölkəyə təzyiqi həm birbaşa qarşıdurmanın olmadığı, onunla münasibətlərdə rəsmi “dostluq” xarakterinin saxlanıldığı halda, həm də açıq münaqişə şəraitində, silahlı qarşıdurma da daxil olmaqla həyata keçirilə bilər. Bununla belə, bu geosiyasi mübarizə texnologiyası təcavüzkarın öz məqsədlərinə nail olması üçün təsir obyekti olan ölkənin dövlət sisteminin inzibati və siyasi aparatı üzərində nəzarətin qurulmasına yönələn səylərini nəzərdə tutur. Bu konseptual modelə görə geosiyasi mübarizənin həyata keçirilməsi prosesində təcavüzkar tərəfindən cəmləşdirilmiş geosiyasi hücumunun əsas obyekti qurban ölkənin hakim elitası ilə yanaşı, dövlətin güc strukturları hesab edilir. Burada əsas məqsəd dövlət siyasətinin müəyyənləşdirilməsi və daxili və xarici siyasət qərarlarının praktiki tətbiqi sayəsində birbaşa əlaqəli konkret insanların və sosial qrupların davranışlarının gizli manipulyasiyası ilə qurban ölkənin elitası üzərində nəzarətin yaradılmasıdır.

22 iyul 2014-cü ildə Rusiya Təhlükəsizlik Şurasının iclasında prezident V.Putin çıxışında “hazırda Rusiyanın suverenliyinə və ərazi bütövlüyünə birbaşa hərbi təhdid olmadığını, lakin dövləti zəiflətmək cəhdlərinin “yumşaq güc” vasitəsilə edildiyini” söyləmişdi. Dövlət başçısı qeyd etdi ki, Rusiya beynəlxalq aləmdəki mövqeyini zəiflətmək üçün kənardan edilən cəhdlərə adekvat cavab verəcək. Onun sözlərinə görə, bu cür cəhdlər xüsusi xidmət orqanlarının, “cib QHT-lərinin” və digər metodların köməyi ilə həyata keçirilir. “Biz bu çağırışlara adekvat cavab verməliyik və ən başlıcası, sistemli işləməli, ölkəmizin və cəmiyyətimizin birliyi üçün potensial riskləri ehtiva edən problemləri həll etməliyik”. Müasir beynəlxalq münasibətlərdə “yumşaq güc” alətlərinin rolu artdıqca, geosiyasi nüfuz uğrunda mübarizədə dövlətin əsas vəzifəsi, hər şeydən əvvəl “yumşaq” təhlükəsizliyi təmin etmək siyasəti hesab edilir. “Yumşaq” təhlükəsizlik konsepsiyasında hərbi-siyasi məsələlərdən (ənənəvi sərt sistemdəki kimi) daha çox qloballaşma şəraitində beynəlxalq əməkdaşlığın son dərəcə aktual hesab edilən ümumsiyasi, sosial, ekoloji, iqtisadi, etnik, dini və digər aspektlərinə diqqət yetirilir.

“Yumşaq təhlükəsizlik” konsepsiyasının inkişafı Kopenhagen Sülhün İnkişafı İnstitutu çərçivəsində XX əsrin 70-ci illərindən başlayıb. İlk dəfə “yumşaq təhlükəsizlik” termini İ.Galtung tərəfindən elmi dövriyyəyə daxil edilib. "Yumşaq təhlükəsizliyin" təməlində dövlətlər arasında əməkdaşlıq və blok sisteminə qoşulmaqdan imtina edilməsi dayanmışdı.

Kopenhagendəki “sülh araşdırmaları”nda təhdidlərin və onların müxtəlifliyinin müəyyən edilməsi problemi önəmli yer tuturdu. Məhz həmin araşdırmalar nəticəsində hər hansı bir məsələyə təhlükəsizlik problemi statusu verən, ictimai və siyasi proses olan “sekyüritizasiya konsepsiyası” meydana gəlib. Buzan və həmkarları tərəfindən yazılmış “Security: a new framework for analysis” adlı kitabda müəlliflər mərkəzçi – dövlətə və hərbi amilə istinad edən təhlükəsizliyin ənənəvi konsepsiyasını tənqid edib və məlum nəzəriyyəni siyasi, ekoloji, sosial və iqtisadi sektorlar hesabına bir qədər zənginləşdiriblər.

Xarici tədqiqatçılar arasında “yumşaq təhlükəsizlik” anlayışı ilə əlaqədar fikir birliyi yoxdur. Belə ki, “yumşaq təhlükəsizlik” qeyri-ənənəvi (A.Fatik, S.Dorjevic), qeyri-hərbi (U.Ziyal) və ya sosialyönümlü (M.Raffa, F.Vrey) təhlükəsizlik paradiqması kimi təqdim olunur. Digər araşdırmaçılara (T.Vays, D.Lindley-Fransız, A.Opitz, J.Troy) görə, “yumşaq təhlükəsizlik” çağırışları yeni, qeyri-dövlət iştirakçılarından gəldiyi halda, “sərt” təhdidlərin yaradıcısı dövlətlər hesab edilir. Ümumiyyətlə dövlətin (və ya bölgənin) yumşaq təhlükəsizliyi elə bir vəziyyət (durum) kimi qiymətləndirilir ki, xarici və daxili siyasət sosialyönümlü olmalı, insanın və cəmiyyətin fərdi, ictimai maraqlarına, ehtiyaclarına və dəyərlərinə, habelə dövlətin sabitliyinə birbaşa təhdid olan qeyri-hərbi xarakterli risk və problemlərdən qorunmanı təmin etməlidir.

Yumşaq təhdidlər aşağıdakı təhlükə növlərini əhatə edə bilər:

1. informativ (dezinformasiya, ictimai rəyin manipulyasiyası, mənfi informasiya təsiri); təsir agentlərinin destruktiv fəaliyyəti (xarici və daxili);
2. vətəndaş identikliyinin təməlinin pozulması;
3. dilçilik;
4. kiberhücumlar, kiberterrorizm;
5. qanunsuz miqrasiya;
6. əhalinin həddən artıq çox olması və ya əhali itkisi;
7. əhalinin təhsil səviyyəsinin, elmi potensialın aşağı düşməsi, “beyin axını”;
8. texnoloji və iqtisadi inkişafın məhsuldarlığına təhdidlər;
9. gender, dini bərabərsizlik, digər bərabərsizlik formaları;
10. ekoloji, təbii fəlakətlər;
11. iqlim çağırışları;
12. enerji və su ehtiyatları ilə təminedilmə;
13. korrupsiya, mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq;
14. narkoticarət və narkotrafik, qanunsuz silah ticarəti, insan alveri;
15. xəstəliklərin və virusların yayılması;
16. ərzaq tədarükünün kəsilməsi, qıtlıq.

Nəticə

“Yumşaq güc” fenomeninin nəzəri-konseptual baxımdan araşdırılmasından belə nəticəyə gəlmək olar ki, onun ətrafında yaranmış fikir ayrılıqları hələ də davam edir. Bu ayrılıqlara rəvac verən başlıca səbəb hər bir ölkənin “yumşaq güc” kateqoriyasını öz maraqları və baxışları fonunda təqdim etməsi və müəyyənləşdirməsidir. Şübhəsiz ki, dövlətlərin beynəlxalq sistemdə statusu və maraqlarının diapazonundan asılı olaraq “yumşaq güc”ün təyinatı tam başqa səciyyə kəsb edir.

İkinci aspektdə isə yumşaq gücün hərbi məqsədlər üçün tətbiqi onunla sərt güc arasında fərqin sərhədlərini müəyyən etməyə imkan vermir. Bu isə definisiya məsələlərində fikir ayrılığını dərinləşdirir.

fəl.f.d. Məhəmməd Əkbərov, Silahlı Qüvvələrin Hərbi Akademiyası
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yumşaq-Güc   Müharibə   Ağıllı-Güc   Diplomatiya  


Bizi "telegram"da izləyin